İliada (Homer)
"Öndər nəşriyyat", Bakı, 2004, 528 səh. Çəkisi: 632 qr., ölçüsü: 155x225 (mm.).
Əfsanəvi yunan şairi, qocaman kor ozan Homerin "İliada" əsəri insan zəkasının yaratdığı əski sənət öməyi kimi, dərin məzmun və yüksək sənətkarlıq nümunəsi kimi indi də yaşamaqdadır. Dünya ədəbiyyatının ümumbəşəri şöhrət qazanmış ən qədim əsərlərindən biri sayılan bu möhtəşəm epik poema milli yunan əsəri olmaqla eyni zamanda bəşəriyyətin malıdır. Bütün əsrlərə və bütün xalqlara eyni dərəcədə aid olan "İliada" yunanların həyatını tam zənginliyi və bütövlüyü ilə göstərir.
Xalqın bütün daxili qüvvələrini gərginləşdirib zahirə çıxaran, onun tarixində yeni bir dövr açaraq sonrakı həyatına təsir göstərən ümumxalq ölçüsündə bir müharibə - Troya müharibəsi "İliada"nın məzmununu təşkil edir. Homer özü Troya müharibələrinin müasir olmadığı halda, İlionun dağıdılmasının gurultusunu bütün varlığı ilə duymuşdur. Odur ki, müəllif təsvir və tərənnüm etdiyi hadisələrin iştirakçısı kimi görünür.
"İliada" qəhrəmanları müəyyən şəraitdə öləcəklərini qəti surətdə yəqin etdikləri halda qarşılarına qoyduqları məqsəd yolunda, azadlıq yolunda cəsarətlə meydana atılır, mərd-mərdanə vuruşur, ləyaqətlə həlak olurlar. Buna görədir ki, əsər dünya poeziyasında qəhrəmanlıq və qəhrəmanlar dastanı kimi ədəbi ad qazanmışdır.